Bloq

Avtomobil ustaları sizi necə aldadır

Hər bir avtomobilin sürtünməyə məruz qalan hissəsini yağlamaq lazımdır.

Bütün sürücülər avtomobilin sürtünməyə məruz qalan hissələrinin yağla çalışdığını bilir. Ancaq bir çox sürücü yağdəyişmə intervalı və standartın müəyyən edilməsində səhvə yol verir. Bəzən yağ seçimində də ciddi yanlışlıqlar olur. Bu yanlışlıqları isə sürücülər bir müddət sonra mühərrik və sürət qutusunda səs yarananda başa düşür.

Bizim yağ dediyimiz məhsula ingilis dilində protektor (qoruyucu) da deyirlər. Əslində, bu söz elə yağın əsas mahiyyətini ortaya qoyur. Yağ həqiqətən də qoruyucudur. Müasir avtomobillərin mühərriki 15000, sürət qutusu isə 7000 manatdan başlayır. Bu hissələrin sıradan çıxdıqda yenisi ilə əvəzlənməsi, demək olar ki, avtomobilin yarı qiymətindən baha başa gəlir. Onların ömrünü artıran və həmin hissələri qoruyan vasitə yağdır. Düzgün yağ seçimi və dəyişmə intervalı avtomobilin uzun illər düzgün çalışmasını təmin edir.

Yağdəyişmədə səhv

Təəssüf ki, yağlama prosesində əksər hallarda səhvə yol verilir. Çox vaxt sürücülər savadsız və onlara ucuz yağı baha satan ustaların qurbanı olur. Bunun qarşısını almaq üçün mütəxəssislə məsləhətləşmək lazımdır.

Yağın istifadə müddəti və interval

Sürücüləri bəzən “hələ sür, bu yağla 2000 km-də gedər” kimi sözlər çaşdırır. Ən gülünc hal budur ki, bir də görürsən, usta yağı barmağının ucunda dilinə toxundurur, deyir ki, yaxşıdır. Yağın hansı keyfiyyətdə olması yalnız laboratoriya şəraitində yoxlanıla bilər.

Əlbəttə ki, uzunömürlü yağlar var. Ancaq ustalar adətən ucuz malı baha satmaq istəyir. Ucuz yağın da intervalı az ola bilər. Sürücülərə yağdəyişmə prosesində mütəxəssislə məsləhətləşmək və ya istehsalçının verdiyi texniki pasport əsasında hərəkət etməyi tövsiyə edirəm.

Filtr ömrü

Filtrlərin dəyişməsi önəmli məsələdir. Hətta ən yaxşı və uzunömürlü yağdan istifadə edilsə də, filtrlər uyğun olmadığı halda avtomobildə problem yaranacaq. Onları vaxtlı-vaxtında dəyişmək lazımdır.

Uzun yürüşdən sonra “15v40” və ya “10v40”

Bu, bir çox ustanın məsləhət gördüyü və heç bir əsası olmayan məntiqdir. Əgər istehsalçı tərəfindən bir avtomobilə “5v30” standartlı yağ təyin olunubsa və yüz min kilometr yürüşdən sonra o standartı “15v40”-la əvəz edirsinizsə, mühərrikin ömrü on dəfə azalır. Bu isə ən qısa vaxtda mühərrikin təmirə ehtiyacı olduğunu büruzə verəcək. Bir sözlə, avtomobilə təyin olunan yağı tapıb, həmişə həmin yağdan istifadə etmək lazımdır.

Yağa əlavə edilən qatqılar

Yağa müxtəlif qatqılar əlavə etməyi çox usta bilmir. Yağın tərkibi hər nə qədər qatqılarla zəngin olsa da, mühərrikin ömrünü uzatmaq məqsədilə onu gücləndirmək olar. Məsələn, “Motor Fluş” adlı qatqı yağı dəyişmədən öncə, “Motor seyf” adlı qatqı isə yeni yağla bərabər istifadə edilə bilər. Lakin bu prosesi də peşəkar bir ustanın və ya mütəxəssisin məsləhətinə uyğun həyata keçirmək daha yaxşı olar.

Beyinin təmizlənməsi və ya “restart”

Yeni nəsil avtomobillərdə yağ dəyişən zaman mütləq onu sistemə tanıtmaq lazımdır. Əks halda elektron lövhədə yağ dəyişdikdən sonra “Servisə get”, “Yağı dəyişmək lazımdır” deyə mesajlar görünə bilər. Kompüter diaqnostikasında da yağın köhnə olduğu yazıla bilər. Halbuki bu avtomobilin beynində qalmış bir yaddaşdır. Bu səbəbdən son model avtomobillərdə yağdəyişmədən sonra sistemi kompüter diaqnostikasına saldırmaq lazımdır ki, yağın dəyişilməsi ilə bağlı məlumat bazada yenilənsin.

Sürət qutusu yağı

Mühərrik yağından fərqli olaraq, sürət qutusu yağı həm də sürət qutusunu soyudur. Bu səbəbdən sürət qutusundakı yağ mühərrikdəki yağdan daha mürəkkəb formada işləyir. Bəzi sürücülər sürət qutusu yağını 50-100 min km arası dəyişir, əslində, bu, doğru deyil. Yağın öz intervalından 10 min km çıxmaq şərtilə onu dəyişmək lazımdır (interval 80 mindirsə, 70 mində dəyişmək lazımdır). Bununla belə, sürət qutusu yağı dəyişərkən filtr mütləq dəyişilməlidir.

Əyləc sistemi yağı

Əyləc sisteminin yağını hər 5 ildən bir (80 min km) dəyişmək lazımdır ki, sistem təmizlənsin. Düzdür, bu yağı vaxtı çatanda dəyişməsəniz belə, hər şey birdən-birə xarab olmur. Ancaq ilk növbədə, tormozlama zəifləyir, sonra isə sistem yavaş-yavaş sıradan çıxır. Həmin sistemi bərpa etmək çox baha qiymətə başa gəlir. Ona görə də yağı zamanında dəyişmək daha yaxşıdır. Çünki bu yağın qiyməti də çox ucuzdur.

Gündə bir yağ dəyişmək…

Hər bir firmanın öz texnologiyası və özünəməxsus resepti olur. 5 ədəd müxtəlif firmanın yağını ayrı-ayrı qazanda qaynadanda nəticə görünür. Buradan məlum olur ki, hansı yağ yaxşı, hansı pisdir. Ancaq onları bir yerdə qaynatsanız, ola bilər ki, yağ çürüsün. Avtomobildə də belədir. Hər dəfə yağdəyişmədə müxtəlif yağ istifadə edən sürücü avtomobili böyük təhlükə altında qoyur. Belə ki, hər firmanın məhsulu fərqli tərkibə malikdir. Sistemdə əvvəlki qalan yağla yeni tökülən yağ arasında reaksiya gedir.

Məsləhətdir ki, avtomobiliniz üçün uyğun olan və yalnız eyni firmanın məhsulu olan yağdan istifadə edəsiniz. Digər yağa keçməyə ehtiyac yarandığı təqdirdə isə “Motor fluş”dan istifadə etmək zəruridir.